Türkiyə çempionatının 27-ci turunda “Fənərbağça” azarkeşləri önündə “Beşiktaş”la qarşılaşıb.
Hesabı fasilə ərəfəsində meydan sahibləri açıblar. Enner Valensiya 11 metrlik cərimə zərbəsindən fərqlənib. 51-ci dəqiqədə “Beşiktaş”ın müdafiəçisi Velinton kobud oyuna görə qırmızı vərəqə ilə cəzalanıb. Enner Valensiya “ağ-qaralar”ın qapısına təyin olunan penaltini dəqiq yerinə yetirə bilməyib. Bu, oyunun qırılma nöqtəsi olub. Belə ki azlıqda qalmalarına baxmayraq “Beşiktaş” futbolçuları ardıcıl 4 qol vurmağa nail olublar. Əvvəlcə Cenk Tosun 4 dəqiqə ərzində dubl edib. O, 58 və 62-ci dəqiqələrdə fərqlənib. Hücumçu bununla həm də karyeraında ilk dəfə “Fənərbağça”nın qapısına yol tapıb. Cenk Tosunun qol vurduğu epizodlarda məhsuldar ötürmə müəllifi olan Neytan Redmond 75-ci dəqiqədə özü qapını dəqiq nişan alıb. Oyunun sonunda ingiltərəli futbolçu 3-cü assisti ilə diqqət çəkib. Bu dəfə Vensan Abubakar hədəfdən yayıınmayıb. Görüşdə son nöqtəni isə İrfan Can Kahveci qoyub: “Fənərbağça” – “Beşiktaş” 2:4 Qeyd edək ki, “Fənərbağça” artııq ardıcıl 7 oyundur ki “Beşiktaş”ı məğlub edə bilmir.
Qələbə sayəsində xallarının sayını 52-yə çatdıran “Beşiktaş” 3-cü pillədəki mövqeyini qüoruyub. 1 oyun az keçirən “Fənərbağça” isə 54 xalla 2-cidir. Yarış cədvəlinə 63 xalla “Qalatasaray” başçılıq edir.